Azərbaycanın milli aviadaşıyıcısı “Azərbaycan Hava Yolları” QSC (AZAL) Bakı-Cenevrə-Bakı marşrutu üzrə aviareysləri bərpa edir.

İndex.az AZAL-a istinadən xəbər verir ki, sentyabrın 30-dan etibarən bu istiqamətdə uçuşlar həftədə iki dəfə - çərşənbə və şənbə günləri yerinə yetiriləcək.

Avropanın mərkəzində yerləşən Cenevrə ən məşhur turistik yerlərdən biridir. AZAL-ın bu unikal şəhərə uçuşlarının bərpası sərnişinlərə gözəl görməli yerlərdən həzz almağa, mühüm işgüzar görüşlərdə iştirak etməyə və unudulmaz tətil keçirməyə imkan verəcək.

Aviabiletləri şirkətin azal.az saytında bron etmək və ya AZAL-ın kassalarında, həmçinin aviaşirkətin rəsmi agentliklərində əldə etmək mümkündür.