Bu ilin aprel ayında Avropa İttifaqında (Aİ) avtomobil satışları keçən ilin eyni ayı ilə müqayisədə 17,2% artaraq 803 188 ədəd olub.
İndex.az xəbər verir ki, bu barədə Avropa Avtomobil İstehsalçıları Assosiasiyasının (ACEA) məlumatlarında deyilir.
Məlumata görə, Aİ-nin bütün əsas bazarları güclü satış artımı göstərib. Belə ki, satışlar İtaliyada 29,2%, Fransada 21,9%, Almaniyada 12,6%, İspaniyada 8,2% artıb.
Bütövlükdə Avropada satılan yeni avtomobillərin sayı (Aİ ölkələri və İslandiya, Norveç, İsveçrə və Böyük Britaniya daxil) aprel ayında 16,1% artaraq 964 932 avtomobilə çatıb.
“Volkswagen” qrupuna aid avtomobillərin (o cümlədən “Shkoda”, “Audi”, “Seat”, “Porsche” və s. daxil olmaqla) Aİ-də satışları keçən ay 31,2% artaraq 220 459-a çatıb. Bu şirkətin Aİ-dəki bazar payı bir il əvvəlki 24,5%-dən 27,4%-ə yüksəlib.
“Stellantis” avtokonserni (“Fiat Chrysler” və “PSA Group” ilə birlikdə) 8,7% çox avtomobil istehsal edərək 149 786 ədədə çatdırıb. “Stellantis”in bazar payı isə 20,1%-dən 18,6%-ə düşüb.
“Renault Qroup”un satışları 41,1% artaraq 91 413 avtomobilə, “Hyundai Group” (“Kia” da daxil) 1,8% artaraq 73 248 avtomobilə çatıb.
BMW avtomobillərinin satışı 8,6%, “Mercedes-Benz”in satışları 5,8% artıb, “Toyota”nın satışları isə 1,4% azalıb.
“Tesla Inc.” Şirkətinin elektrikli avtomobillərin satışı Aİ-də 9 dəfə artaraq 10 685 ədədə çatıb.
Ümumilikdə, aprel ayında regionda elektriklə işləyən avtomobillərin satışı 1,5 dəfə artaraq 94 561 avtomobil təşkil edib. Elektriklə işləyən avtomobillərin Avropa bazarındakı payı bir il əvvəlki 9,1%-lə müqayisədə 11,8%-ə yüksəlib.
Yanvar-aprel aylarında Aİ-də avtomobil satışları 17,8% artaraq 3,5 milyon ədəd təşkil edib.
