Bu il avqustun 1-nə Azərbaycanda dövriyyədə olan ödəniş kartlarının sayı 2022-ci ilin analoji dövrü ilə müqayisədə 20% artaraq 15 milyonu ötüb.

İndex.az xəbər verir ki, bunu Azərbaycan Mərkəzi Bankının (AMB) Ödəniş sistemləri və hesablaşmalar departamentinin direktoru Kəmalə Qurbanova Bakıda keçirilən Azərbaycan-Türkiyə Fintex Forumunda deyib.

O bildirib ki, bu dövr ərzində ölkə daxilində bu kartlarla aparılan nağdsız ödənişlərin həcmi 2 dəfə artaraq 24 milyard manata çatıb: "Ölkə daxilində kart ödənişlərində nağdsız dövriyyənin xüsusi çəkisi ötən ilin eyni dövrünə nisbətən 12,3 faiz bəndi artaraq 53%-ə bərabər olub.

Daha bir maraqlı göstərici isə bu gün POS-terminallarda aparılan hər əməliyyatdan birinin "token" əməliyyatı, yəni mobil telefonlar və ya digər ağıllı cihazlar vasitəsilə olmasıdır. Bu isə Azərbaycan əhalisinin innovasiyalara açıq olduğunu göstərir".