Azərbaycanda 2 gündür yaradılan şirkət investisiya müsabiqəsinin qalibi olub.

İndex.az xəbər verir ki, “Qaradağ Şüşə Zavodu” ASC-nin dövlətə məxsus səhmlərinin satışı ilə bağlı elan edilmiş investisiya müsabiqəsinə yekun vurulub.

Əmlak Məsələləri Dövlət Xidməti bildirir ki, “Glass Vay” MMC investisiya müsabiqəsinin qalibi elan olunub.

2 avqust 2023-cü il tarixində müsabiqənin qalibi ilə alqı-satqı müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, investor dövlət büdcəsinə 20 milyon manat köçürməli, 2 il ərzində müəssisədə 10,5 milyon manat həcmində İnvestisiya Proqramını icra etməlidir.

Proqram çərçivəsində soba və şüşə istehsalı avadanlıqlarının, sexlərin əsaslı təmiri və yenidənqurulması, istehsal üçün tələb olunan digər avadanlıqların alınması, infrastruktur təminatının yaxşılaşdırılması (elektrik enerjisi, qaz təchizatı, yol çəkilişi və s.) nəzərdə tutulur.

Xatırladaq ki, "Qaradağ Şüşə Zavodu" "Azərbaycan Sənaye Korporasiyası" ASC-yə (ASK) məxsus "ASK Şüşə" MMC-nin bazasında yaradılıb. Bu müəssisə isə vaxtilə "Azərbaycan Beynəlxalq Bankı" ASC-yə girov qoyulmuş "İnterGlass" ASC-nin bazasında təşkil edilib. Onun İdarə Heyətinin sədri olmuş İlal Əhmədov hazırda qalib şirkətin qanuni nümayəndəsidir. "Glass Vay" bu il iyunun 21-də 100 manat nizamnamə kapitalı ilə dövlət qeydiyyatına alınıb.