Psixoloq: “Valideyn uşağını döydürmək istəyirdi ki, homoseksual olmasın”

Homoseksuallıq eyni cinsdən (və ya genderdən) olan şəxslər arasında romantik və cinsi əlaqəyə verilən addır. Məlum məsələdir ki, müasir dövrdə homoseksual insanlarla tez-tez qarşılaşırıq və ya onlar haqqında eşidirik. Ancaq, bildiyimiz kimi, bu durum cəmiyyətimizdə birmənalı qarşılanmır. Qınaq obyektinə çevrilirlər və onlara müalicə olmağı, bu “dərddən” qurtulmağı tövsiyə edirlər.

Bəs həqiqətən homoseksuallığın müalicəsi varmı? Məsələ ilə bağlı psixoloq Nuranə Salmanlı ilə əlaqə saxladıq.

Psixoloq İndex.az-a verdiyi müsahibədə bildirdi ki, homoseksuallıq müalicə tələb edən bir proses deyil:

“Müəyyən bir dönəmə qədər psixiatriya sahəsində xəstəlik olaraq qiymətləndirilirdi. Ancaq illər öncə bunun xəstəlik olmadığını, bir seçim olduğunu qəbul etdilər. Hal-hazırda xəstəliklərin beynəlxalq kitabında bu haqda heç bir qeydiyyat aparılmayıb. Yəni bu, cinsi pozuntu deyil, sadəcə bir seçimdir, tərzdir və insanlar sağlam olaraq qiymətləndirilir. Müalicəyə gəldikdə isə, homoseksuallıq bir xəstəlik olmadığı üçün müalicə tələb edən bir proses deyil.

Müalicəni bizdən istəyənlər çoxdur, valideynlər, qohumlar, kimlər ki, bu durumla razılaşa bilmir və istəyir ki, müalicə prosesi olsun. İndi ölkəmizdə də, xaricdə də homoseksuallığı müalicə etdiyini, homoseksual birini kişi və ya qadın etdiyi barədə vədlər verənlər var. Ancaq bu, heçbir şəkildə düzgün deyil. Yalnız hər hansı cinsi obsessiya varsa onun müalicəsi ola bilər. Ancaq homoseksuallıq müalicə tələb edən bir proses deyil”.

– Valideynlər övladının homoseksual olduğunu necə anlaya bilər?

– Bu suala birmənalı cavab vermək mümkün deyil. Homoseksual olanlarda qadına xas ya da kişiyə xas davranışlar olmur. Transgenderlərdə adətən qadına xas və ya kişiyə xas davranışlar olur. Məsələn, oğlandırsa qız kimi hərəkətlər edir. Bu, homoseksuallara yox transgenderlərə xas davranışdır. Ona görə də, belə bir ayrım etmək yanlış olardı. Hətta bir çox homoseksual oğlanlar kişi tipajında olurlar, “maskülən” olurlar və “feminenlik” arzulamırlar. Sadəcə cinsi seçimlərində qarşı cinsə yox, həmcinsinə ilgi duyurlar.

Valideyn o zaman anlaya bilər ki, uşaqla münasibəti yaxşı olsun və uşaq da ona vaxtında hərşeyi etiraf etsin və güvənsin. Valideyn ancaq övladına güvən hissiyyatını ötürməklə bu prosesləri bilə bilər. Başqa cür inanmıram ki, valideynindən qorxan bir uşaq gəlsin və anasına desin ki, mən homoseksualam, oğlanlardan və ya qızlardan xoşum gəlir.

-Valideyn homoseksual övladına necə davranmalıdır?

– Bizdə valideynlər elə bilir ki, uşağım homoseksualdırsa onu tənqid və ya təhqir etməlisən. Hətta yadımdadır ki, yanıma bir valideyn gəlmişdi, uşağını başqa bir yaxın adama döydürmək istəyirdi ki, bəlkə düzələr. Qətiyyən belə davranışlar həlledici deyil. “Döyəndən sonra düzələcək”, “homoseksuallıq aradan qalxacaq” deyə birşey yoxdur. Bizim cəmiyyətdə bu vəziyyət valideyn üçün ağır olsa da, əvvəlcə övladını dinləməyi bacarmalıdır. Ona güvənməlidir, dəstək göstərməlidir, onun fikirlərini, bu mövzuda düşüncələrini öyrənməyə çalışmalıdır. Mühakimə etmək uşağın sağlamlığı baxımından daha pis yerə gətirib çıxara bilər. Məsələ cəmiyyətdə qəbul olunmayacaqlarını bildikləri, hiss etdikləri üçün intihara qədər gedib çıxır.

-Keçmişə nəzərən homoseksualların sayının artmasında səbəb nədir?

– “Keçmişə nəzərən homoseksuallıq artıb” ifadəsi ilə razılaşmıram. Bizim sadəcə keçmişə nəzərən homoseksuallıqla daha çox qarşılaşmağımızın səbəbi kütləvi informasiya vasitələridir. Araşdırmalar göstərir ki, keçmişdə də homoseksuallıq yetəri qədər çox olub. Sadəcə indi müasir dövrdə biz bunu daha çox duyuruq, insanlar tərəfindən qəribə qarşılanır, kütləviləşir. Yəqin ki, o vaxt gizli olub deyə bir az daha az bilinib, indi isə müasir demokratik mühitdə yaşadığımız üçün insanlar daha sərbəst davrana bilir.