Çin və Rusiya arasında ticarət dövriyyəsi artıb

Çin Ticarət Nazirliyinin keçirdiyi mətbuat konfransında bildirilib ki, son illərdə Çin və Rusiya arasında ikitərəfli ticarət əməkdaşlığı mürəkkəb xarici mühit şəraitində canlılıq nümayiş etdirib və ikitərəfli ticarət həcmi daim artır.

İndex.az xəbər verir ki, Çin və Rusiya arasında ticarət həcminin 2023-cü ildə 240 milyard 100 milyon dollara yüksəldiyi, 200 milyard dollarlıq hədəfə gözləniləndən daha tez çatıldığı qeyd edilib.

Digər tərəfdən, 2024-cü ilin birinci rübündə iki ölkə arasında ticarət həcmi keçən ilin eyni dövrü ilə müqayisədə 5,2% artaraq 56 milyard 680 milyon dollara çatıb.

Məlumat verilib ki, iki ölkə arasında enerji, aviasiya və kosmos sahələrində, eləcə də xidmət ticarəti və transsərhəd elektron ticarət kimi yeni inkişaf edən sektorlar üzrə əməkdaşlıq möhkəmlənib.