BFB-nin dövriyyəsi 2,4 dəfə artıb

Bu ilin yanvar-aprel aylarında “Bakı Fond Birjası” QSC-də (BFB) bütün maliyyə alətləri üzrə bağlanmış əqdlərin ümumi dəyəri 11 milyard 151,642 milyon manat təşkil edib.

İndex.az BFB-yə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə çoxdur.

Son 1 ildə bağlanmış əqdlərin sayı isə 34,4 % artaraq 4 492 olub.

BFB-nin dövriyyəsinin 68,8 %-i və yaxud 7 milyard 673,974 milyon manatı repo əməliyyatlarının payına düşüb. Bu, illik müqayisədə 3 dəfə çoxdur.

Hesabat dövründə dövlət qiymətli kağızları üzrə əqdlərin dəyəri 78,9 % artaraq 2 milyard 808,539 milyon manat, korporativ qiymətli kağızlar bazarı üzrə əqdlərin dəyəri isə 20,2 % artaraq 669,129 milyon manat olub.