Bu ilin yanvar ayında Qazaxıstan "Drujba" neft kəməri ilə "Adamova Zastava" məntəqəsi üzərindən Almaniyaya 310 min ton neft nəql edib.

İndex.az xəbər verir ki, bu barədə "İnterfaks"a "KazTransOil" milli şirkətindən məlumat verilib. Bildirilib ki, 2025-ci ilin yanvarında bu göstərici 127 min tona bərabər idi. Beləliklə, ötən ay nəqletmə həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 2,4 dəfə artıb.

Ümumilikdə, 2025-ci il ərzində Qazaxıstan Almaniyaya, Şvedt şəhərindəki neft emalı zavoduna 2,1 milyon ton neft tədarük edib. 2026-cı ildə tədarükün 2,5 milyon tona qədər artırılması gözlənilir.

Qeyd edək ki, Qazaxıstan 2023-cü ildən etibarən "Transneft" SC-nin magistral neft kəmərləri sistemi vasitəsilə "Adamova Zastava" neft təhvili məntəqəsi istiqamətində Almaniyaya neft nəql edir.