2027-ci ildən etibarən Çin avtomobillərdə “gizli” qapı tutacaqlarını qadağan edəcək və bununla da “Tesla” şirkəti tərəfindən hazırlanmış bu konstruksiyadan mərhələli şəkildə imtina edən ilk ölkə olacaq.


Index.az xəbər verir ki, brelok, mobil telefon və ya əl ilə basmaqla idarə olunan gizli tutacaq konstruksiyası təhlükəsizlik baxımından potensial risklərə görə həm ABŞ-da, həm də Çində diqqət mərkəzinə düşüb.

“Reuters” agentliyi yazır ki, ötən il ABŞ-ın avtomobil təhlükəsizliyi üzrə agentliyi “Tesla Model 3” sedanının qapılarının qəza açılma sistemində nasazlıq faktı ilə bağlı araşdırmaya başlayıb.

Çinin Sənaye Nazirliyinin fevralın 3-də yaydığı məlumata görə, yeni texniki təhlükəsizlik tələblərinə uyğun olaraq, hər bir avtomobil qapısı həm xarici, həm də daxili tutacaqlarla təchiz edilməlidir. Çinin yeni siyasəti avtomobilin xarici tərəfində qapı tutacaqlarının yerləşdirilməsi və qəza zamanı açılma imkanının təmin edilməsi üçün onların işləmə qaydaları ilə bağlı tələblər müəyyən edir. Həmin qaydalar daxili qapı tutacaqlarının aydın görünməsini də tələb edir.

Nazirliyin məlumatına əsasən, yeni avtomobil modelləri 2027-ci il yanvarın 1-dən etibarən qapı tutacaqlarının konstruksiyasını yeni qaydalara uyğunlaşdırmalıdır. Artıq təsdiqlənmiş modellər 2029-cu il yanvarın 1-dən bu tələblərin tətbiq dairəsinə daxil olacaq.

2025-ci ilin oktyabrında Çinin dövlət media orqanları xəbər verib ki, “Xiaomi SU7 Ultra” sedanının sürücüsü yol-nəqliyyat hadisəsi nəticəsində həlak olub, çünki ətrafdakılar onu yanan avtomobildən çıxarmaq üçün qapını aça bilməyiblər.