Müalicə alan 33 min xəstəni şantaj edən haker həbs olundu

Avropanın ən çox axtarılan cinayətkarlarından biri olan finlandiyalı hakerin 11 illik kibercinayətkarlıq “karyerasına” son qoyulub.

İndex.az xəbər verir ki, BBC-də yer alan məlumata görə, 13 yaşında kibercinayətlər dünyasına qədəm qoyan Julius Kivimaki, müalicə alan 33 min xəstənin müalicə qeydlərini oğurladığı və onları şantaj etdiyi üçün həbs edilib.

Finlandiyalı haker 2020-ci ildə ən səs-küylü cinayətini törədib. O, Finlandiyanın ən böyük psixoterapiya şirkəti “Vastaamo”nu sındıraraq 33 min xəstənin terapiya qeydlərini əldə edib. Daha sonra o, şirkətdən 400 min avro fidyə tələb edib, lakin “Vastaamo” ödəməkdən imtina etdikdən sonra xəstələrlə birbaşa əlaqə saxlayıb və onların hər birindən 200 avro istəyib və onları terapiya qeydlərini darknetdə dərc etməklə hədələyib.

Sözügedən yazılar son dərəcə intim sirləri ehtiva edirdi və oğurlanması dəhşətli idi. Julius Kivimaki nikahdankənar münasibətlərdən tutmuş cinayət etiraflarına qədər bir çox mövzuda həssas məlumatların yer aldığı bu qeydlərdən istifadə edərək xəstələri fidyə ilə təhdid etməyə davam edib. O bildirib ki, tələb etdiyi pul ödənilməsə, xəstələrin şəxsi məlumatlarını internetə sızdıracaq. Bu faciəvi vəziyyət qurbanlara sarsıdıcı təsir göstərmiş, hətta bəzilərinin intihar etməsinə səbəb olmuşdur.

Kivimaki iki il davam edən gərgin araşdırmadan sonra Parisdə yaxalanıb. Sonra o, tez Finlandiyaya qaytarıldı. Məhkəmədə o, 30 mindən çox cinayətdə təqsirli bilinib. O, məlumatların pozulması, şantaj cəhdi, 9231 şəxsi həyatın toxunulmazlığını pozan məlumatların yayılması, 20745 şantaj cəhdi və 20 şantajda ittiham olunub. Nəticədə o, 6 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.